Dünya fyuçers bazarında WTI markalı Texas neftinin bir barelinin qiyməti 90.26 ABŞ dolları olub. Brent markalı neftin qiyməti noyabr ayı üçün 93.82 ABŞ dolları dəyərində qeydə alınıb.

Sentyabrın 21-nə olan məlumata görə, Azeri Light markalı Azərbaycan neftinin İtaliyanın Augusta limanında 1 bareli 100.78 ABŞ dollardır.

Mövzu barədə AZƏRTAC-a açıqlama verən iqtisadçı ekspert Samir Heydərov bildirib ki, Azərbaycan nefti dünya bazarında dəyər qazanmaqda davam edir. Onun sözlərinə görə, Azeri Light markalı Azərbaycan nefti ilk dəfə sentyabrın 15-də bir barel üçün 100 ABŞ dolları həddini keçib. Azərbaycanın sutkalıq hasil etdiyi neft avqust ayında 620 000 min barel olub.

Ekspert əlavə edib ki, bunun 498 000 min bareli xam neft,122 000 min bareli isə kondensat neftdir. OPEK+ formatı çərçivəsi daxilində əldə olunan razılığa əsasən Azərbaycanın sutkalıq 33 000 min barel hasilatı məhdudlaşdırmaq öhdəliyi var. Belə ki, Azərbaycanın sutkalıq kvotası 684 000 min bareldir.

İqtisadçı ekspertin sözlərinə görə, 8 ayın göstəricilərinə əsasən, Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyi gəlir 4,728 milyon ABŞ dolları olub.

Qeyd edək ki, hasilatın pay bölgüsünə görə Azəri-Çıraq-Günəşli yatağında paylar bu şəkildədir: BP-30.07% (operator), AzACG (SOCAR)-25%, MOL (Macarstan)-9.57%, İnpex (Yaponiya)-9.31%, “Equinor”(keçmiş Statoil)-7.27%, ExxonMobil-6.79%,TPAO-5.73%, İtochu(Yaponya)-3.65% və ONGC Videsh Ltd(OVL) (Hindistan)-2.31%.