“Pulu kartdan karta ata bilərsən”.

Bu söz son vaxtlar Azərbaycanın ticarət və xidmət obyektlərində çox işləkdir.

Söhbət vətəndaşlara satılan malların və göstərilən xidmətlərin haqqının bankların təqdim etdiyi “Card to card” xidməti vasitəsilə, yəni bir kartdan o biri karta pul köçürmək yolu ilə ödənilməsindən gedir. İlk baxışdan hər şey qaydasında olsa da, burada bir sıra incə məqamlar var.

Məsələ ondadır ki, ödənişin qəbul edilməsi üçün istifadə olunan bank kartları adi debet kartlardır və vergi orqanlarının faktiki olaraq həmin dövriyyəyə nəzarət etmək imkanları yoxdur. Yəni, dövlət büdcəsi “Card to card” üsulundan heç nə qazanmır.

İtirən büdcə ilə yanaşı həm də vətəndaşlardır. Çünki, kartdan karta “atılan” pula görə insanlara çek verilmir. Bu da o deməkdir ki, vətəndaş ödənişin tərkib hissəsi olan əlavə dəyər vergisinin bir hissəsini sonradan geri ala bilmir, üstəlik, sabah narazı qaldığı mala və xidmətə görə harasa şikayət etmək imkanı da olmur.

Bəs bu cür üsuldan istifadənin qarşısını necə almaq olar? “Report” bu məsələni araşdırıb.

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, son illər dövlət kommersiya obyektlərinin dövriyyəsinin şəffaflaşdırılması istiqamətində bir sıra tədbirlər görüb, insanlar nağdsız ödəniş etməyə, kassa çeki tələb etməyə stimullaşdırılıb: “Bu da bir sıra sahibkarlara sərf etmir. Onlar adətən POS-terminallarının xarab olduğunu deyərək müştərilərdən ödənişi “Card to card” üsulu ilə almağa çalışır. Çünki ödəniş qanuni yolla qəbul edilsə, çek verilsə vergidən yayınmaq mümkün olmayacaq. Halbuki, əvvəllər belə üsullara ehtiyac yox idi və iş adamları rahatlıqla vergidən yayına bilirdilər. Amma “Card to card” üsulunun da müəyyən riskləri var. Dəfələrlə olur ki, proqram təminatlarında problem yaşanır, bir kartdan pul çıxsa da, digər karta keçmir. Bəzən isə hansısa rəqəmin yanlış yazılmasına görə alıcı pulu başqa hesaba köçürür”.

“Belə halların aradan qaldırılması vergi orqanlarının üzərinə düşür. Amma onların sayı az, sahibkarların və ödəniş edənlərin isə sayı çoxdur. Bu cür alqı-satqı səhər saatlarından gecə saatlarına qədər baş verir. Vergi işçiləri mağaza, kafe və restoranlarda ödənişləri 24 saat nəzarətdə saxlaya bilməz. Dövlət məsələni alternativ variantlar, cəza tədbirləri ilə nizamlamağa çalışır. Məsələn, vergi qanunvericiliyində ənənəvi sahibkarlar üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Dövriyyədə nağdsız ödənişlərin çəkisi nə qədər çox olarsa, həmin sahibkarlara bir o qədər güzəşt verilir. Eyni zamanda bütün obyekt sahiblərindən POS-terminal quraşdırılması tələb edilir. Amma yenə də problem lazımi səviyyədə həll edilmir. Yəni, xoşagəlməz halların qarşını almaq üçün bütün variantlardan demək olar ki, istifadə edilib. Problemin həlli sahibkarın özünün intizamlı olmasından asılıdr”, – deyə ekspert əlavə edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə bildirilib ki, vergi qanunvericiliyinin tələblərinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əhali ilə pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli, nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılması və istehlakçıların elektron ödəniş etmək imkanları təmin edilməlidir. “Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmalar aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Qeyd olunanlara əsasən pərakəndə ticarət fəaliyyəti göstərən şəxs malların satışı həyata keçirərkən alıcı nağdsız şəkildə ödənişləri POS-terminal vasitəsi ilə həyata keçirməli və bu zaman alıcıya POS-terminaldan çıxarış ilə yanaşı, nəzarət-kassa aparatı çeki də təqdim edilməlidir”.