Azərbaycanda aqrar şirkətlərin təcrübəsi və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməsinə imkan verir.

Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Qeyd edək ki, söhbət digər ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirərək Azərbaycana gətirməkdən gedir.

Mərkəzin direktorunun sözlərinə görə, region ölkələrinin çoxunda torpaqlarla təminat göstəricisi, torpaq resursları məhdud olan Azərbaycandan daha yaxşıdır.

“Azərbaycanda on minlərlə sahədə müasir istehsal texnologiyalarını tətbiq edən, böyük həcmdə istehsal həyata keçirən aqrar şirkətlər yaranıb ki, onların təcrübəsi, potensialları və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Bununla bağlı artıq ilkin təcrübələr də var. Bizim iri sahibkarların Rusiyada, Ukraynada, Qazaxıstanda müxtəlif kənd təsərrüfatı layihələrində – həm taxılçılıq, həm istixana sektorunda iştirak təcrübələri var. Bu, bizim taxıl təminatımızda da müsbət məqam kimi çıxış edir. Hazırda burada söhbət dövlət-özəl sektor əməkdaşlığı əsasında yanaşmadan gedir ki, bu proses daha sistemli şəkildə genişləndirilsin. Digər tərəfdən, ölkə iqtisadiyyatı yerli sahibkarların xarici investisiya qoyuluşlarından da qazanacaq”, – deyə F. Fikrətzadə qeyd edib.