Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər.