Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 84,12 faizə çatıb.

AZƏRTAC xəbər verir ki, Gas Infrastructure Europe assosiasiyasının məlumatına görə, iyulun 27-də Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 17,6 milyon kubmetr, qaz doldurulması isə 289 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 92,5 milyard kubmetr (84,12 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 9,18 faiz çoxdur.

Ötən həftə Mərkəzi və Qərbi Avropada havalar nisbətən sərin keçib, külək generasiyasının payı isə iyul ayında Aİ-nin elektrik enerjisi istehsalının 12 faizindən az olub.

Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 362 dollardır.

Rusiyanın “Qazprom” kompaniyası Avropaya sutkada 41,9 milyon kubmetr qaz tədarük edir. Müharibəyə baxmayaraq, həmin qaz Ukrayna ərazisindən tranzitlə “köhnə qitə”yə çatdırılır. Bu xətt “Şimal axını” qaz kəmərinin sıradan çıxmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.

Həmçinin iyun ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin noyabrından bəri ən aşağı həddə – maksimum gücün 33 faizinə enib.