Avropa bazarında təbii qazın noyabr fyuçersləri ticarət gününə bahalaşma ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlandda yerləşən TTF habında müqavilələr min kubmetr mavi yanacaq üçün 1127,5 dollardan start götürüb və sonradan 1157,5 dollaradək bahalaşıb. Bu, öncəki günün qiymətlərindən 3,1 faiz çoxdur.

Qeyd edək ki, son aylar Avropa bazarında qazın qiymətində kəskin dalğalanma müşahidə edilir. Əgər avqustun əvvəlində min kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, sentyabr ayında onun qiyməti iki dəfə bahalaşıb. Oktyabrın 6-da isə birjada tarixi maksimim qeydə alınıb – min kubmetr qaza görə 1937 dollar.

Ekspertlərin fikrincə, kəskin qiymət artımı qitədəki yeraltı anbarlarda qaz ehtiyatının tükənməsi, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.