Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın tənzimləyiciləri süni intellekt (Sİ) sahəsində səmərəli rəqabətin və istehlakçıların müdafiəsinin təmin edilməsinə dair birgə bəyanat imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK), ABŞ-nin Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasının, eləcə də Böyük Britaniya Rəqabət İdarəsinin AK-nin saytında yerləşdirilmiş birgə bəyanatında bildirilib.

“Biz səmərəli rəqabətin və istehlakçılara qarşı ədalətli və dürüst rəftarın təmin edilməsi üçün çalışacağıq”, – sənəddə vurğulanıb.

Məlumata görə, tənzimləyicilər yeni şirkətlər və süni intellekt bazarında uzun müddətdir iştirak edənlər arasında investisiyalara və tərəfdaşlıq müqavilələrinə nəzarət etməyi planlaşdırır.

Qeyd olunub ki, ölkələr həmçinin istehlakçıların məhsul seçmək azadlığı hüququnun qorunmasına dair razılığa gəliblər.