Almaniyanın gələn il üçün büdcəsi 481 milyard avro təşkil edəcək ki, bunun da 57 milyard avrosu investisiyaya yönəldiləcək.

Marja xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner məlumat verib.

“2025-ci ildə biz 481 milyard avroluq büdcə planlaşdırırıq, bunun 57 milyard avrosu investisiyalar olacaq”, -deyə Lindner özünün X (keçmiş Twitter) səhifəsində yazıb. Bununla belə, o qeyd edib ki, bu, artıq rekord səviyyə ilə müqayisədə daha bir əhəmiyyətli artımdır.

2025-ci ilin büdcə layihəsi təsdiq olunmaq üçün parlamentə təqdim olunacaq.

Öz növbəsində Almaniya kansleri Olaf Şolz bildirib ki, 2028-ci ildən ölkənin illik müdafiə büdcəsi 80 milyard avroya çatacaq.

Koalisiyanın hakim partiyaları arasında 2025-ci ilin büdcəsi ilə bağlı danışıqlar kifayət qədər çətindir. Əvvəlcə iyulun 3-dək razılaşdırılacağı nəzərdə tutulsa da, tərəflər arasında fikir ayrılığı yarandığından bu müddət iyulun 17-nə təxirə salınıb. Bundan əvvəl koalisiyaya daxil olan Azad Demokrat Partiyasının gənclər qanadı hətta sosial demokratların mövqeyi ilə razılaşmadığına görə hökuməti dəstəkləməyi dayandırmaqla hədələmişdi ki, bu da medianın yazdığı kimi hökumət böhranına səbəb ola bilər.