ABŞ-ın respublikaçı senatoru Coş Houli ABŞ Senatına “TikTok” sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə senator öz “Twitter” səhifəsində yazıb.

“Keçən ay Konqres “TikTok”un bütün hökumət cihazlarında istifadə edilməsini qadağan edib. İndi mən onun ölkə daxilində qadağan edilməsi üçün qanun layihəsi təqdim edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, 2022-ci il dekabrın sonunda ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün büdcəsini təsdiqləyib (1 oktyabrdan başlayıb). Bu sənədə, o cümlədən ABŞ hökumət işçilərinə iş cihazlarında “TikTok” sosial şəbəkə tətbiqindən istifadəni qadağan edən müddəa da daxildir. Həmin qanun layihəsini Senata C.Houli təqdim etdi.