Putin: Rusiyanın xarici ticarətində dollar ilə ödənişlərin payı 13%-ə qədər azalıb
“ABŞ-ın “uzaqgörən siyasəti” fonunda Rusiyanın xarici ticarətində dollar ilə ödənişlərin payı 50 faizdən 13 faizə düşüb”.
Marja.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Prezident xatırladıb ki, 2022-ci ilə qədər Rusiyanın xarici ticarətində dollar və avronun payı 80 faizə yaxın, təkcə ABŞ dollarının payı 50 faiz idi. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın Rusiya üçün Amerika valyutası ilə ödənişləri məhdudlaşdırmaq qərarı Vaşinqtonun maraqları baxımından tamamilə cəfəngiyatdır, çünki zərbə Amerika iqtisadiyyatına dəyib.
Putin əlavə edib ki, bunun fonunda yuanın ödənişlərdə payı əhəmiyyətli dərəcədə artaraq 3 faizdən 34 faizə çatıb.
“Birləşmiş Ştatlar bunu niyə etdi? Yəqin ki, hər şeyin dağılacağını düşünürdülər, amma heç nə çökmədi. Üstəlik, baxın: neft hasil edən ölkələr də daxil olmaqla, digər ölkələr də neftin yuanla satışını hesablamağa başlayır və artıq edirlər. Beləliklə, ABŞ özü dolları öldürür”, – deyə Putin deyib.
2022-ci ilin fevral ayından etibarən Rusiya, Qərbin sanksiyalarının təzyiqi fonunda dollar və avro ilə ödənişləri əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, ölkə Laos, Çin, Türkiyə, Qazaxıstan və digər ölkələrlə milli valyutada hesablaşmalara keçib. Bundan əlavə, Pakistan noyabr ayında ilk dəfə Rusiya taxılını BƏƏ dirhəmində alıb.