Noyabrın 23-də Ağ ev nümayəndələri enerji daşıyıcılarına xərclərin azaldılması məqsədilə strateji ehtiyatlardan 50 milyon barel neftin istifadəyə verilməsini elan ediblər.

AZƏRTAC Ağ evin bəyanatına istinadla xəbər verir ki, ABŞ yaxın vaxtlarda 32 milyon barel neftin istifadəsini planlaşdırır. Ehtimal edilir ki, bu həcm qiymətlərin aşağı düşməsi hesabına vaxt ötdükcə strateji rezervə qayıdacaq. Sonra daha 18 milyon barel istifadəyə veriləcək.

Bəyanatda deyilir: “Amerikalı istehlakçılar yanacaqdoldurma stansiyalarında benzinin qiymətinin və evlərin isidilməsi haqqının artmasını hiss edirlər. Neft tədarükü tələbatın təmin edilməsinə nail ola bilmir, çünki dünya iqtisadiyyatı pandemiya dövründən çıxır. Məhz bu səbəbdən Prezident Bayden qiymətlərin aşağı salınması və təklifin çatışmazlığının aradan qaldırılması üçün ona əlçatan olan bütün vasitələrdən istifadə edir”.

Bayden administrasiyası Federal Ticarət Komissiyasının təhqiqatı çərçivəsində neft və qaz bazarlarında mümkün manipulyasiyaları da nəzərdən keçirir.