Yanvarın 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 13,6 milyon ədəd təşkil edib və bu kartların 72 faizi təmassız ödənişləri dəstəkləyib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 2021-ci illə müqayisədə ödəniş kartlarının sayı 19 faiz, o cümlədən təmassız kartların sayı 31 faiz artıb. Emissiya edilən ödəniş kartlarının 87 faizini (11,8 milyon ədəd) debet kartlar, 13 faizini (1,8 milyon ədəd) isə kredit kartları təşkil edib. 2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci illə müqayisədə 56 faiz artaraq 56,4 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2,1 dəfə artaraq 24,4 milyard manat olub. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2021-ci illə müqayisədə 11,4 faiz bəndi yüksələrək 43,2 faizə bərabər olub.

Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci illə müqayisədə 2,4 dəfə artaraq 261 milyon ədəd, həcmi isə 2,5 dəfə artaraq 18,5 milyard manat təşkil edib.

Təsərrüfat subyektlərində 2022-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2021-ci illə müqayisədə 89,4 faiz artaraq 199 milyon ədəd, həcmi isə 47,7 faiz artaraq 5,8 milyard manat olub. O cümlədən 2022-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2021-ci illə müqayisədə 2,6 dəfə artaraq 183,2 milyon ədəd, həcmi isə 2 dəfə artaraq 4,9 milyard manat təşkil edib.