4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub.

APA-Economics” xəbər verir ki, indiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib.

Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon. manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.