Udine şəhəri həyat keyfiyyəti göstəricisinə görə İtaliya şəhərlərinin reytinqində ilk sırada qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, “Il Sole 24 Ore” qəzeti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, insanların ən yaxşı yaşadığı şəhər Udinedir. Siyahıda ilk üçlükdə müvafiq olaraq Bolonya və Trento şəhərləri yer alıb.

İtaliyanın böyük şəhərlərindən olan Milan reytinqdə 8-ci, paytaxt Roma 35-ci, Neapol sondan 3-cü, Foggia isə sonuncu – 107-ci sıradadır.

Ardıcıl 34 ildir aparılan sorğuda İtaliyanın ən yaşamalı şəhərlərinin reytinqi əhalinin rifahı, həyat keyfiyyəti, demoqrafiya, təhlükəsizlik, səhiyyə, sosial bərabərlik, məşğulluq, daşınmaz əmlaka əlçatanlıq, idman zalları, sağlamlıq mərkəzləri, şəhər ekosistemi kimi 15 göstərici üzrə müəyyənləşir.