Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb. Məlumatlar göstərir ki, illik artım 160,6% ilə rekordu davam etdirib. İstanbulda illik artım 185% təşkil edib, kvadrat metrin orta qiyməti 21 min TL-ni keçib.

Türkiyədə mənzil qiymətləri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 160,57 faiz artıb. Beləliklə, qiymət artımında yeni rekord qeydə alınıb.

Marja.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) mənzil qiymətləri indeksinə görə, iyun ayında qiymətlər əvvəlki ayla müqayisədə 8,98 faiz artıb.

İyun ayında yeni evlərin qiymətləri illik müqayisədə 164,8 faiz, köhnə evlərin qiymətləri isə 160,7 faiz artıb. İyun ayı etibarilə Türkiyədə bir evin bir kvadrat metrinin orta mənzil qiyməti 13 min TL-ni (türk lirəsini) keçib.

İstanbulda qiymətlər təxminən üç dəfə artıb

Məlumatlara görə, İstanbulda mənzil qiymətləri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 184,9% artıb. Bu artımdan sonra İstanbulda kvadrat metrin orta qiyməti 21 min 329 TL-yə yüksəlib.

Ankara illik artım 165,4%, İzmirdə 150,9% təşkil edib. İzmirdə kvadrat metrin orta qiyməti 15 min TL həddinə çatıb.