2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xarici vətəndaşlar arasında ən çox daşınmaz əmlakı ruslar alıb.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə “Betterhomes” broker kompaniyasına istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Ukraynadakı münaqişə fonunda Rusiya vətəndaşlarının xaricdə daşınmaz əmlak əldə etməyə marağı artıb.

Ötən il Dubayda mənzil satışı üzrə 86 mindən çox əməliyyat həyata keçirilib ki, bu da 2009-cu ildə qeydə alınan rekord göstəricidən (80 min əməliyyat) çoxdur. Ümumilikdə isə ötən il Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərində 208 milyard dirhəm (56,6 milyard dollar) həcmində daşınmaz əmlak satılıb – 2021-ci illə müqayisədə 80 faiz çox.

Dubayda daşınmaz əmlak alıcıları arasında ikinci yeri britaniyalılar, üçüncü yeri hindistanlılar, dördüncü yeri italiyalılar, beşinci yeri isə fransalılar tutub.

Daşınmaz əmlak sektoru Dubay Əmirliyi iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir.