Araşdırmalara görə, isveçlilərin əksəriyyəti şəxsi evlərdə yaşamağa üstünlük verir, lakin onların tikintisi aşağı səviyyədə olaraq qalır. “Ratio” tədqiqat institutunun yeni hesabatı göstərir ki, 2010-cu illərin əvvəllərindən İsveçdə çoxmənzilli binaların tikintisinə və şəhərlərin sıxlaşdırılmasına diqqət yetirilir, fərdi evlərin planlaşdırılması və tikintisi isə nəzərəçarpacaq dərəcədə azalıb.
AZƏRTAC xəbər verir ki, 2023-cü ildə bir milyona yaxın əhalisi olan Stokholmda cəmi 67 fərdi ev tikilib.
Yüksək ev qiymətləri daha bir maneəyə çevrilir. Stokholm bölgəsində bir villanın orta qiyməti 7,3 milyon kron (650 min dollardan çox) təşkil edir və ev təsərrüfatlarının yalnız 10 faizi yeni şəxsi ev ala bilir. Belə evlərin qıtlığı qiymətləri bahalaşdırır və bir çox ailələr, xüsusən də uşaqlı ailələr münasib qiymətə mənzil axtarmaq üçün rayonu tərk etmək məcburiyyətində qalırlar.
Paytaxtın müxalifət siyasətçiləri xəbərdarlıq edirlər ki, sakinlərin mövcud istəkləri ilə şəhər hakimiyyətinin planları arasında uçurum Stokholmun inkişafını təhlükə altına alır. Onlar həmçinin fərdi ev tikintisinin artırılması üçün vergilərin azaldılmasına dair tədbirləri və dövlət stimullarını nəzərdən keçirməyi təklif edirlər.
Bununla belə, şəhər hakimiyyəti yeni şəhər sakinləri arasında ən çox tələb olunan mənzillərin məhz belə mənzillər olduğunu iddia edərək, çoxmənzilli binalara güvənir. Onların sözlərinə görə, fərdi evlərin tikintisi torpaqların çatışmazlığı və infrastrukturun təmin edilməsində çətinliklərlə məhdudlaşdırılır.
Nəticədə, İsveç əhalinin xəyalları ilə faktiki mənzil siyasəti arasında artan uçurumla üzləşir, bu da artıq daxili miqrasiyaya və paytaxt regionunda demoqrafik vəziyyətə təsir göstərir.