Macarıstanda daşınmaz əmlak bazarının təhlili göstərir ki, cari ilin əvvəlindən bəri rieltor saytlarında reklam edilən daşınmaz əmlak obyektlərinin ilkin qiyməti orta hesabla 5 faizdən çox bahalaşıb.

AZƏRTAC xəbər verir ki, ekspertlər bu qiymət artımını Ukraynada baş verən hadisələr və enerji daşıyıcıları tədarükündə yaranan fasilələrlə əlaqədar bütün Avropa İttifaqı məkanında dərinləşməkdə olan inflyasiya ilə izah edirlər.

Qeyd etmək lazımdır ki, daşınmaz əmlak sahibləri və rieltorlar adətən saytlarda elan yerləşdirəndən sonra potensial alıcılara güzəşt edərək qiymətləri azaldırlar. İndi isə əksinə, onlar əvvəl təklif olunan qiymət həddini artırırlar. 2022-ci ilin ilk altı həftəsi ərzində Budapeştdə təklif olunan yaşayış obyektlərinin qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faizdən çox, əyalətlərdə isə təqribən 2 faiz artıb.

Maraqlıdır ki, Macarıstan forintinin ümumavropa valyutasına nisbətdə məzənnəsinin azalmasına baxmayaraq daşınmaz əmlakın avro ilə ifadəsində qiymətləri də artır.