Finlandiya evsizlik probleminin həlli sahəsində təcrübəsini Aİ ölkələri ilə bölüşəcək.

AZƏRTAC bu həftə Portuqaliyada imzalanmış rəsmi məlumata istinadla xəbər verir ki, Aİ üzvü olan ölkələr 2030-cu ilə qədər evsizlik probleminin həlli üçün məqsədyönlü şəkildə iş aparmağı öhdəyə götürüblər.

Aİ üzvlərinin bu yeni sazişində evsizlik probleminin həlli metodları və bu məqsədlə yetərincə maliyyələşdirmənin təmin edilməsi təcrübəsinin mübadiləsi yolu ilə əməkdaşlığın mövcud prinsiplərini yaxşılaşdırmaq nəzərdə tutulur.

Bu baxımdan, Finlandiyanın zəngin təcrübəsi Aİ ölkələrində xüsusi maraq doğurur. Hazırda bu şimal ölkəsi Aİ məkanında son bir neçə ildə evsizlərin sayının durmadan azaldığı yeganə dövlətdir.

Finlandiyanın ətraf mühit və iqlim naziri Krista Mikkonenin sözlərinə görə, əldə edilmiş uğurlar gərgin işin nəticəsidir. Nazir deyib: “Biz topladığımız məlumatları və sxemləri həvəslə bölüşməyə hazırıq. Məsələn, mənzil tikintisi sahəsində Finlandiyanın tətbiq etdiyi prinsip səmərəli metod kimi tanınıb və biz başqa Aİ ölkələrini də bu metoddan istifadə etməyə çağırırıq”.

Krista Mikkonenin sözlərinə görə, Finlandiyada evsizlik məsələsini cəmiyyətin sosial problemləri, insanların psixi sağlamlığı problemləri ilə birbaşa əlaqələndirirlər. O deyib: “Bu səbəbdən Finlandiya çoxdan bəri evsizliyin aradan qaldırılması üçün iş aparır. Biz şadıq ki, digər Avropa ölkələri də evsizliyə qarşı mübarizənin hədəf göstəricilərini artırıblar”.

Qeyd edək ki, dövlət proqramına müvafiq olaraq 2023-cü ilə qədər evsizlərin sayını 50 faiz azaltmaq üçün Finlandiya Ətraf Mühit və İqlim Nazirliyi tərəfindən şəhərlərin mərkəzi rayonları və müxtəlif ictimai təşkilatlarla əməkdaşlıq layihəsi hazırlanıb.