Estoniya və Finlandiya paytaxtları arasında ilkin dəyəri 20 milyard avro qiymətləndirilən tunel inşa edilməsi nəzərdə tutulur.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin iqtisadiyyat naziri Taavi Aas və Finlandiyanın nəqliyyat naziri Timo Harakka tərəfindən imzalanan nəqliyyat sektorunda əməkdaşlığa dair memorandumunda yer alıb.

Bildirilib ki, memorandum “Tallin-Helsinki tuneli”, “Real Baltic sürətli dəmir yolu magistralı”, “Trans-Avropa nəqliyyat şəbəkəsi” və “Şimal dənizi-Baltik dəhlizi” kimi böyük nəqliyyat layihələrinin təşviq edilməsini nəzərdə tutur. Sənədə əsasən, Helsinki-Tallin tunelinin yeraltı hissəsinin uzunluğu 103 kilometr təşkil edəcək və bu, dünyanın ən uzun sualtı dəmir yolu tuneli olacaq. Bu tunel vasitəsilə həm sərnişin, həm də yük tədarükü həyata keçiriləcək. Layihəyə əsasən, ildə 12 milyon sərnişin tuneldən istifadə edəcək.

Qatarların 20 dəqiqəlik cədvəl üzrə pik saatlarında saatda 200 kilometr sürətlə hərəkət edəcəyi gözlənilir. Hər gün orta hesabla 30-dək sərnişin və yük qatarı saatda ortalama 120-160 kilometr sürətlə tuneldən keçəcək.

Qeyd edilib ki, layihənin texniki-iqtisadi əsaslandırılması hələ 2018-ci ilin fevralında dərc edilmişdi.