Çin geriləyib, ABŞ mövqeyini yaxşılaşdırıb…

Pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, ABŞ və Böyük Britaniya dünyanın ən iri maliyyə mərkəzləri olaraq qalır.

Marja xəbər verir ki, Qlobal Maliyyə Mərkəzləri İndeksinin dərc edilmiş son reytinq siyahısı bunu təsdiqləyir.

Kommersiya məqsədli konsaltinq, araşdırma (think-tank) və vençur kapital şirkəti Z/Yen Group-un Çin İnkişaf İnstitutu ilə birlikdə tərtib etdiyi indeksdə Nyu-York lider mövqeyini qoruyub saxlayır. Böyük Britaniyanın paytaxtı London Brexit-ə baxmayaraq, hələ də əsas qlobal maliyyə mərkəzlərindən biri olaraq 2-ci yerdə qərarlaşmağa davam edir.

Çinin iri şəhərləri reytinq siyahısında geriləyib. Ötən ilki siyahıda 3-cü olan Şanxay 6-cı yerə, 6-cı olan Pekin isə 8-ci sıraya, 8-ci yerdə qərarlaşan Şenzen isə 16-cı mövqeyə düşüb. Əvəzində, ABŞ şəhərləri – San-Fransisko 12-ci yerdən 5-ci yerə, Los Anceles 13-cü sıradan 7-ci mövqeyə, Çikaqo 15-ci yerdən 11-ci yerə, Boston 24-cü yerdən 12-ci yerə yüksəlib.

Paris (25-dən 10-a), Amsterdam (28-dən 17-ə), Toronto (29-dan 19-a) mövqelərini ciddi şəkildə yaxşılaşdırıb, Frankfurt (9-dan 14-ə) və Tokio (7-dən 9-a) nisbətən geriləyib.

Qlobal maliyyə Mərkəzlərinin indeksi, ilk 10-luq:

Nyu-York; London; Honq Konq; Sinqapur; San Fransisko; Şanxay; Los Anceles; Pekin; Tokio; Paris.