Dubayda yerləşən daşınmaz əmlak şirkəti müasir dünyada rəqəmsal aktivlərin və kriptovalyutaların əhəmiyyətini nümayiş etdirmək üçün dünyanın ilk “Bitcoin Tower”ini inşa edəcək. Layihə mayın 24-də Dubayda keçiriləcək iqlim sammitində təqdim olunacaq.

Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir.

Bu, Dubayın bitkoinə hörmətini simvolizə edən və onun müəmmalı yaradıcısı Satoşi Nakamoto prinsiplərini təcəssüm etdirən 40 mərtəbəli möhtəşəm göydələn olacaq. Layihənin rəhbəri Salvatore Leggero hesab edir ki, qüllə rəqəmsal və fiziki dünyalar arasında körpü olmaqla daşınmaz əmlakda inqilab edəcək.

“Mənim təklif etdiyim şey – rəqəmsal və fiziki daşınmaz əmlak arasında körpü yaradan  inqilabdır. “Bitcoin Tower” bu inqilabda iştirak etmək istəyən hər kəs üçün başlanğıc nöqtəsi olacaq”, – deyə Salvatore Leggero bildirib.

Qüllədən əlavə, yeni tematik otellər şəbəkəsi də tikiləcək. Mayın 21-də “EINpresswire”ın yazdığına görə, o da ilk kriptovalyutadan ilhamlanacaq, eyni zamanda blokçeyn və süni intellekt kimi qabaqcıl texnologiyalardan istifadə edəcək.

BƏƏ səlahiyyətliləri investisiya cəlb etmək və yeni iş yerləri yaratmaq məqsədilə ölkəni blokçeyn, kriptovalyuta və Web3 layihələri üçün rahat etmək istəyini daha əvvəl də nümayiş ediblər.

Məsələn, bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinin “Hub71” layihəsi kapitalı 2 milyard ABŞ dollarından çox olan “Hub71+ Rəqəmsal Aktivlər” adlı yeni təşəbbüsü elan edib. Təşəbbüs Web3 sahəsində blokçeyn və metakainat kimi innovativ layihələrin inkişafına yönəlib.

Mart ayında isə BƏƏ-nin yeddi əmirliyindən biri olan Ras-Əl-Xayma rəqəmsal və virtual aktivlərlə məşğul olan şirkətlər üçün azad iqtisadi zona yaradacağını elan edib. Yeni azad iqtisadi zona ölkədə kriptovalyuta, blokçeyn və Web3 şirkətlərinə ev sahibliyi edən 40-dan çox azad iqtisadi zonalardan biri olacaq.