Tallinn distant üsulla çalışan insanlar üçün dünyanın ən əlverişli şəhərlərindən biri seçilib.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı “Nestpick” platforması apardığı araşdırmaya əsasən yayıb.

Bildirilib ki, araşdırma zamanı mütəxəssislər şəhərlərin təhlükəsizliyi, səhiyyə tədbirlərinin mövcudluğu, istirahət və mədəni asudə vaxt üçün infrastrukturun mövcudluğu, yaşayış minimumu, iş üçün keyfiyyətli şəraiti olan mənzilin əlçatımlığı, COVID-19 əleyhinə vaksin olunmuş sakinlərin payı kimi amilləri dəyərləndiriblər. Araşdırmada ümumilikdə 75 şəhər iştirak edib.

Qeyd edilib ki, Avstraliyanın Melburn şəhəri tələb olunan maksimal balı toplayıb. Melburn həm də “distant üsulla çalışanlara” xüsusi viza təqdim edən siyahıdakı yeganə ölkə olub. Bu cür viza ilə distant rejimdə çalışmaq üçün maneəsiz olaraq ölkəyə gəlmək mümkündür. Növbəti yerlərdə isə Dubay, Sidney, Tallinn, London, Tokio, Sinapur, Qlazqo, Monreal və Berlin yer alıb.