“Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, Çinin böyük şəhərlərinin demək olar ki, yarısı çökmə riski ilə üzləşib və bu, milyonlarla yerli sakini daşqın təhlükəsi ilə üz-üzə qoyur. Tədqiqat nəticəsində məlum olub ki, Çinin şəhər ərazisinin 45 faizi ildə üç millimetrdən, 16 faizi isə on millimetrdən çox sürətlə çökür.
AZƏRTAC “Science Alert” saytına istinadla xəbər verir ki, araşdırma müəllifləri əhalisi 2 milyondan çox olan 82 Çin şəhərində baş verən dəyişikliyi müəyyənləşdirmək üçün peyklərdən alınan radar impulslarından istifadə ediblər. Daha sonra onlar 2015-2022-ci illər arasında şəhərlərin yüksəkliklərinin necə dəyişdiyini ölçüblər. Məlum olub ki, Çinin ən böyük şəhəri olan Şanxay son yüz ildə təxminən 3 metr çöküb və proses davam etməkdədir. Pekin və Tyancin kimi iri şəhərlər də bu prosesdən ən çox təsirlənənlər sırasındadır.
Araşdırmada qeyd olunur ki, Çin əhalisinin əksər hissəsi geoloji baxımdan çöküntüyə məruz qalan ərazilərdə yaşayır. Nəticədə binaların və kritik infrastrukturun bütövlüyü təhlükə altında qalır. Çökmə prosesi Çinə ildə 7,5 milyard yuana (təxminən 1,05 milyard dollar) başa gəlir. Ancaq problem təkcə Çinlə məhdudlaşmır. Fevral ayında nəşr olunan başqa bir məqalədə dünya üzrə təxminən 6,3 milyon kvadratkilometr ərazinin çökmə riski ilə üzləşdiyi və İndoneziyanın bundan ən çox təsirlənən ölkələrdən biri olduğu qeyd edilir.
ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, 45 ştatda 17 min kvadratmildən çox ərazi bu problemdən əziyyət çəkir. Birləşmiş Ştatlarda çökmə hallarının 80 faizindən çoxu yeraltı suların hədsiz istismarı səbəbindən baş verir.