Macarıstan paytaxtının meri Qerqey Karaçoni bu gün bəyan edib ki, Budapeşt daim öz milli ruhunu qoruyub saxlayır, eyni zamanda, Avropa şəhəri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, şəhər meri bu barədə özünün feysbuk səhifəsində yazıb.

“Bir sıra şəhərlər, məsələn, Roma kimi, əbədi olaraq mövcuddur, bəzi şəhərlər isə həmişə dirçəlir. Budapeşt belə şəhərlərdən biridir. Bəli, şəhərimiz 1873-cü ildə Obuda, Buda və Peştin birləşdirilməsi nəticəsində yaranıb, amma həmin vaxtdan bir çox dirçəliş dövrü yaşayıb”, -deyə mer qeyd edib. O əlavə edib ki, əcnəbi səyahətçilər də bu fikri bölüşürlər. Turistlərin sayının ildən-ilə artması da bunu göstərir.

Qeyd edək ki, elə bu yaxınlarda Macarıstan paytaxtı özünün 150 illiyini qeyd edib və “Konde Nast” nəşri tərəfindən dünyada ən yaxşı turizm istiqamətlərindən biri seçilib. Maraqlı faktdır ki, bu ildönümü noyabrın 17-də qeyd edilir, amma, əslində, şəhərin əsası oktyabrın 25-də qoyulub. Noyabrda isə Şəhər Şurası işlərin idarə edilməsini özü üzərinə götürüb və bu səbəbdən həmin tarix Budapeştin yaranması günü kimi qeyd olunur.