Nyu-York və Sinqapur bu il digər meqapolisləri üstələyərək yaşamaq üçün ən bahalı şəhərlər olub.
Trend xəbər verir ki, bu barədə məlumatı “Economist Intelligence Unit” (EIU) analitik mərkəzi dərc edib.
Analitiklərin araşdırdığı 172 şəhərin hamısında bu il yaşayış minimumu kəskin – orta hesabla 8,1% artıb. Ən bahalı şəhərlər 2021-ci ildə altıncı yerdə olan Nyu-York və ikinci yerdə olan Sinqapur olub. 2021-ci ilin ən bahalı şəhəri olan Təl-Əviv isə ikinci pilləyə enib.
Rusiyanın paytaxtı Moskva dünya üzrə son bir ildə yaşayış minimumunun ən çox artdığı şəhərlər siyahısına başçılıq edir. Moskva 59 pillə irəliləyərək 96-cı yerdən 37-ci yerə yüksəlib.
Tədqiqat beynəlxalq şirkətlərdə çalışan işçilər üçün dünyanın müxtəlif şəhərlərində yaşayış xərclərini müəyyən etmək məqsədi daşıyır.
Bunun üçün yerli qiymətlər ABŞ dollarına çevrilir. Belə ki, şəhərin reytinqdəki mövqeyi əsasən milli valyutanın məzənnəsinin dinamikasından asılıdır.