İndiyədək adətən qida sənayesinə və kənd təsərrüfatı sahələrinə ayrılan güzəştli kreditlər bundan sonra turizm sahəsinə də yönəldiləcək.

Xezerxeber.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu artıq maliyyələşdiriləcək layihələrin siyahısına otel tikintisi və kənd turizm layihələrini də əlavə edib. Bu sahələrə maraq göstərənlərə dövlət tərəfindən güzəştli kreditlər veriləcək. Belə layihələrin daha çox bölgələrdə maliyyələşdirilməsi rayonlarda turizm sektorunun inkişafına böyük dəstək olacaq.

Otel tikintisi ilə yanaşı, kənd turizm layihəsi də dünyanın bir çox ölkələrində tətbiq edilən bir təcrübədir. Burda əsas məqsəd kəndlərdə turistlərə təbii olaraq kənd həyatı yaşamaq imkanının yaradılması və orada qaldıqları müddətdə ancaq təbii məhsullarla qidalanmasını təmin etməkdir.

Onu da qeyd edək ki, Azərbaycanın demək olar bütün bölgələrində otel və ev tipli turizm obyektlərinə təlabat hər gün artmaqdadır. Çünki Azərbaycanda keçirilən beynəlxalq yarışlar, tədbirlər xarici ölkə vətəndaşlarında ölkəmizə marağı artırır. Bunun nəticəsində isə hər mövsümdə Azərbaycana üz tutan turistlərin sayında ciddi artım müşahidə olunur.