Tikinti sektorunda ciddi işçi çatışmazlığı Böyük Britaniya hökumətinin 2029-cu ilə qədər ölkənin iqtisadi artımını stimullaşdırmaq üçün nəzərdə tutulmuş 1,5 milyon ev tikmək planını poza bilər.

AZƏRTAC xəbər verir ki, Baş nazir Kir Starmerin Leyboristlər Partiyası iyulda keçirilən seçkilərdə artımı sürətləndirməyi, infrastrukturu yaxşılaşdırmağı və dövlət xidmətləri işini təkmilləşdirməyi vəd edərək qalib gəlib.

Bina tikənlər tikinti üçün daha çox sayda torpaqların ayrılmasını alqışlasalar da, bir çoxları işçi qüvvəsi və peşəkarlıq çatışmazlığı problemi aradan qaldırılmadıqca Starmer hökumətinin ambisiyalarının əlçatmaz olduğunu deyir.

Bu boşluqlar Böyük Britaniyanın “Brexit”dən sonra immiqrasiya sistemini əsaslı şəkildə nəzərdən keçirməli olub-olmaması, eləcə də yaşlaşmış işçi qüvvəsi yerinə daha çox gənci cəlb etməklə bağlı suallar doğurub. Tikinti üçün işçilərin axtarışı hökuməti miqrasiyanı azaltmaq yerinə işəgötürənlərin ehtiyacları ilə uzlaşdırmaq yolunu tutmağa vadar edə bilər.

Böyük Britaniya Tikinti Məhsulları Assosiasiyası proqnozlaşdırır ki, sektor növbəti 10-15 il ərzində təqaüdə çıxacaq 500 min işçini itirəcək ki, bu da ümumi işçi qüvvəsinin təxminən 25 faizini təşkil edir.

Sənaye ekspertləri və biznes nümayəndələri Böyük Britaniyanın təhsil sisteminin tikinti üçün gələcək nəsil işçilərini lazımi bacarıqlarla təchiz edə bilmədiyini deyirlər.

Hökumət, 2028-ci ilə qədər daha 5 min inşaatçı tələbənin sürətli hazırlığını təmin edəcək 32 ixtisasartırma mərkəzi yaradıldığını elan edib.