Eyni anda üç aparıcı Amerika texnoloji şirkəti – “Alphabet”, “Microsoft” və “Meta” üçüncü rüb üçün hesabat verib. Şirkətlərin inkişafının əsas amilləri son illərdə korporasiyaların inkişafına fəal şəkildə sərmayə qoyduğu bulud və süni intellekt xidmətləri olub.
Hesabatdan məlum olduğu kimi, “Microsoft”un səhmləri 4% ucuzlaşıb. Ümumilikdə, hesabat gözləntiləri üstələyib – gəlir 16% artaraq 65.6 milyard dollara çatıb. Bununla belə, investorlar “Azure” bulud xidmətinin süni intellekt üçün məlumat mərkəzlərinin fiziki imkanları üzrə planlaşdırılan parametrlərdən geri qalmasından və onlar üçün artan xərclərdən narahatdırlar. “Azure” gəlirlərinin artımı hesabat rübündəki 34%-ə qarşı cari rübdə 31-32%-ə qədər yavaşlayacaq.
“Meta”da da vəziyyət oxşardır – süni intellektə investisiyalar hesabına kotirovkalarda 3% azalma olub. Şirkətin rəhbəri Mark Zukerberq şirkətin fəaliyyətinin bütün sahələrində süni intellektin tətbiqinin geniş müsbət effektinə diqqət çəkib. “Reality Labs”ın süni intellekt və artırılmış reallıq bölməsi 4.4 milyard dollar itki ilə üzləşib və növbəti rübdə daha çox zərər etməyi gözləyir. Dördüncü rüb üçün 45-48 milyard dollarlıq gəlir proqnozu investorların gözləntilərinə uyğun olub.
“Alphabet” 7% artımla bulud və süni intellekt xidməti daxil olmaqla bütün sahələrdə gözləntiləri üstələyib – gəlirlər 16% artaraq 74.6 milyard dollara çatıb. Qeyd edək ki, şirkətin satışları ardıcıl üçüncü rüb proqnozları üstələyir.