Azərbaycan Mərkəzi Bankı bu il oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb.
AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) həcmi də rəsmi internet saytında açıqlanır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 mln. manat təşkil edib.
Xatırladaq ki, bankların bu ilin III rübü üzrə açıqladığı rəqəmlərə əsasən vaxtı keçmiş kreditlərin həcmi 21 bank üzrə 962 mln. manat təşkil edib. AMB-nin açıqladığı statistik bülletendə isə bu rəqəm 480 milyon göstərilib.
AMB-dən həmçinin əlavə edilib ki, bankların rəsmi səhifələrində də kredit riski ilə bağlı hesabatlar açıqlanmalıdır:”Banklarda korporativ idarəetmə Standartları”nın 19-cu maddəsinə əsasən iqtisadi qərarların qəbul edilməsi, bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edərkən müxtəlif bankları səmərəli müqayisə etmək imkanları yaratmaq üçün hər bir bank məlumat istifadəçiləri üçün rüblük və illik əsasda məlumatlar açıqlayır. Bankın maliyyə göstəriciləri, bank və onun fəaliyyəti barədə ümumi məlumatlar, bank kapitalının strukturu və adekvatlığı ilə yanaşı, bank risklərinin idarə edilməsi barədə məlumatlar çərçivəsində prudensial yanaşmaya uyğun olaraq banklar tərəfindən kredit portfelinin keyfiyyəti barədə məlumatlar da açıqlanır”.