Milli Depozit Mərkəzi (MDM) 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” xəbər verir ki, MDM 2022-ci ildə 712 min manat xalis mənfəət əldə etdiyi halda, ötən il 69 min manat zərər edib.
Ötən il MDM-in əməliyyat gəlirləri 10% artaraq 4,76 milyon manata bərabər olub. 2022-ci il üzrə bu rəqəm 4,32 milyon manat təşkil edib.
Bu dövrdə Mərkəzin əməkhaqqı xərcləri dəyişməyərək 2,03 milyon manat, sosial ödəmələr üzrə xərcləri 4,3% artaraq 490 min manat, amortizasiya xərcləri 25% azalaraq 415 min manat təşkil edib. MDM-in peşəkar xidmətlərə görə xərcləri 217 min manat, istifadə olunmamış məzuniyyət xərcləri 78 min manat, sığorta xərcləri 13 min manat, əlavə inzibati xərcləri 496 min manat təşkil edib.
MDM-nin digər gəlirləri 2022-ci ilə nisbətən 3 dəfə azalaraq 196 min manata enib. Bununla yanaşı, ötən il 1,55 milyon manat digər xərcləri yaranıb ki, bu da onun zərər etməsinə təsir edib.
Ötən il Milli Depozit Mərkəzi kiçilib. Belə ki, 1 yanvar 2024-cü il tarixinə MDM-in cəmi 1,7% azalaraq 9,01 milyon manata, cəmi öhdəlikləri 3,2 % azalaraq 2,52 milyon manata, balans kapitalı isə 1,1 % azalaraq 6,49 milyon manata enib. 2022-ci il üzrə bu rəqəmlər müvafiq olaraq 9,16 milyon manat, 2,6 milyon manat və 6,56 milyon manat təşki edib.