Mərkəzi Bankın İdarə Heyətinin 25 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Bu barədə Banker.az tənzimləyicinin açıqlamasına istinad edir.

Banker.az bu şirkətin lisenziya üçün “sırada” qalması ilə bağlı yazısı cari ayın əvvəlində bildirilmişdi.

Xatırladaq ki, “Cüzdan” MMC 2024-cü ilin aprelində təsis edilib və 1 051 000 manat nizamnamə kapitalı var. Onun qanuni təmsilçisi Mustafa Baltacıdır.

Elektron pul təşkilatı – Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.
Elektron pul təşkilatları tərəfindən aşağıdakı növ ödəniş xidmətləri göstərilə bilər:

  • ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
  • kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
  • pul köçürməsi;
  • elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
  • hesab üzrə məlumat xidməti.