SOCAR 2026-cı ilə qədər İsveçrədə 100 sürətli akkumulyator cihazını yaymağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, hazırda şirkət əsasən avtomobil yollarında və Sürix şəhərinin daha geniş ərazilərində 20 sürətli enerjidoldurma qurğusundan istifadə edir.
Yaşıl hidrogen istehsalı zavodunun tikintisi layihəsi çərçivəsində “Alpiq”, “EW Hofe” və “SOCAR Energy Switzerland” konsorsiumu “Freinbax” bələdiyyəsində gücü 10 meqavata qədər olan elektroliz zavodunun inşa edilməsi planlaşdırılıb. Ümumilikdə isə 2025-ci ildə başlanacaq tikintinin sonunda zavodun tam genişləndirilməsi nəticəsində ildə 1-1,2 min tona qədər yaşıl hidrogen istehsalı planlaşdırılır. Hasil edilmiş hidrogenin boru kəməri vasitəsilə “Fuksberq” şosesində qurulacaq SOCAR-ın yanacaqdoldurma stansiyalarına daşınması təmin olunacaq.
“SOCAR Energy Switzerland” Bern şəhəri yaxınlığındakı ayda 150-ə yaxın yük maşınını yanacaqla təmin edən “Grauholz Sud” yanacaqdoldurma məntəqəsi vasitəsilə ilk hidrogen yanacaqdoldurma məntəqəsini işə salıb. Şirkət, həmçinin elektrikli akkumulyatorlu avtomobillər üçün enerji doldurma biznesini genişləndirir.
Qeyd edək ki, şirkət 2023-cü ilin sonuna qədər İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayını 206-a çatdırıb.