“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib.

APA-Economics” xəbər verir ki, hesabat dövrü ərzində Cəmiyyət tərəfindən 48.7 min unsiya həcmində qızıl hasilatı həyata keçirilib. Bununla ötən ilin ilk 9 ayı ilə müqayisədə qızıl hasilatında 27% artım qeydə alınıb. Cari ilin ötən dövrü ərzində müəyyənləşdirilmiş qızıl hasilatı planı 3% artıq icra edilib. Sözügedən dövr ərzində gümüş hasilatı isə 69.2 min unsiya təşkil edib.

Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin ilk 9 ayı ərzində 40.2 min unsiya qızıl, 54.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatına ötən ilin eyni dövrü ilə müqayisədə 21% daha çox olmaqla 166.9 milyon manat vəsait cəlb edilib.

Ümumilikdə isə QSC tərəfindən 456.5 min unsiya qızıl, 907.4 min unsiya gümüşün yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir 1 milyard 355 milyon 471 min 676 manat təşkil edir. Vəsaitin 1 milyard 290 milyon 315 min 319 manatını ixrac gəlirləri, 65 milyon 156 min 357 manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu 2023-cü ilin göstəriciləri ilə müqayisədə hasilatda 10%, satışda isə 3% daha artıq hədəfdir.