Rusiyadan Azərbaycana süd məhsullarının ixracı yaxın illərdə əhəmiyyətli dərəcədə, 2-2,5 dəfə artmaq potensialına malikdir.

Trend-in “Aqroeksport” mərkəzinin məlumatlarına istinadən verdiyi xəbərə görə, Bakıda keçirilən biznes missiyası çərçivəsində “Süd məhsullarının tədarükünün artırılması potensialı” mövzusunda təşkil olunan dəyirmi masanın nəticələrinə əsasən, Rusiyadan Azərbaycana süd məhsullarının ixracının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu təşəbbüsdə iştirak edən Rusiya ixracatçı şirkətləri tədarük həcminin 2-2,5 dəfə artmasını gözləyir. 2023-cü ildə Rusiya Azərbaycana 17 min ton süd məhsulları ixrac edib. Təchizatçı şirkətlərin nümayəndələrinin qeyd etdiklərinə görə, yaxın iki il ərzində süd məhsullarının ixracının 2-2,5 dəfə artacağına dair bütün əsaslar mövcuddur.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın süd və qənnadı sənayesini xammalla təmin etməkdə etibarlı tərəfdaş olmağa hazır olduqlarını bildiriblər.