Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) məlumatların qorunması üçün ciddi tədbirlər həyata keçirir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın milli depozit mərkəzinin idarə heyətinin sədr müavini Rəna İsgəndərova Bakıda ” “Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik ” mövzusuna həsr olunmuş konfransda bildirib.

“Biz Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi (MDM) olaraq, ölkənin əsas informasiya mənbələrinə sahibik və kibertəhlükə ilə üzləşə bilərik. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə, giriş nəzarəti və məlumatların minimallaşdırılması daxil olmaqla, ciddi tədbirlər həyata keçiririk”, – o qeyd edib.

R.İsgəndərovanın sözlərinə görə, MDM-nin missiyası dayanıqlı, effektiv və etibarlı bir depozitar ekosisteminin yaradılmasıdır ki, bu da kapitallaşdırma bazarının inkişafına və rəqəmsal xidmətlərin təşviqinə yönəlib. Bu məqsədlər MDM-nin strategiyasında ətraflı şəkildə əks olunub.

O, həmçinin, hazırda MDM-nin rəqəmsallaşma prosesindən keçdiyini və bunun üçün keyfiyyətli IT sisteminin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, “Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik” konfransı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkəti tərəfindən təşkil edilib. Konfransda kibertəhlükəsizlik sahəsində çalışan yerli və xarici mütəxəssislər, eləcə də, bu sahəyə cavabdeh olan dövlət müəssisələri, özəl şirkətlər və təşkilatların nümayəndələri iştirak edirlər.