“Qatar Airways” Cənubi Afrikanın özəl regional aviadaşıyıcısı “Airlink”də 25% pay alır.

Marja xəbər verir ki, “Qatar Airways” bu barədə iki aviaşirkətin rəhbərləri arasında Dohada keçirilən görüşün yekunlarına dair press-relizdə məlumat verib.

 

“İnvestisiya müqaviləsi “Qatar Airways”in Afrikanın iqtisadi və biznes potensialının açılmasında əsas oyunçu kimi mövqeyini gücləndirəcək”, məlumatda bildirilir.

“Airlink”in baş direktoru Rocer Foster bildirib ki, saziş Cənubi Afrika aviaşirkətinin xidmət göstərəcəyi reyslərin və istiqamətlərin sayının artırılmasını nəzərdə tutur. “Qatar Airways-in sərmayəsi bizə kontinental uçuşlara xidmət göstərməyə başlamağa imkan verəcək”, – deyə Foster bildirib.

Hazırda “Airlink” yalnız Afrika bazarında fəaliyyət göstərir, onun təyyarələri qitənin 15 ölkəsinin 45 şəhərinə uçuşlar həyata keçirir.

Maliyyə tərəfi açıqlanmayan sövdələşmə hələ də hər iki ölkənin milli tənzimləyicilərinin təsdiqini tələb edir.

“Airlink” sərnişin həcminə görə Cənubi Afrikanın ikinci ən böyük aviaşirkətidir.

“Airlink” investisiya fondları da daxil olmaqla beş sahibin nəzarətində olan özəl şirkətdir.