Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1881-i isə torpaq sahəsi üzrə olmaqla 2231 yeni icarə müqaviləsi bağlanılıb.
2024-cü ilin ilk 7 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artım qeydə alınıb.