Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın, ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

İyulda yumurtanın qiyməti orta hesabla 4,5% artıb. 

2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi (qida üzrə inflyasiya göstəricisi) 2023-cü ilin iyul ayına nisbətən 2 faiz artıb.

2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz artıb, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalıb.

2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb.

İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.