Avstriyanın “Raiffeisen Bank International” (RBI) və İtaliyanın “UniCredit” bank qrupları Rusiyadakı bizneslərini dayandırmaq və ölkəni tərk etmək planları barədə qərar qəbul ediblər.

Trend Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Müvafiq planlar şirkətlərin hesabatlarında əks etdirilib. “UniCredit” ilin sonuna qədər Rusiyadakı biznesini əhəmiyyətli dərəcədə azaldacaq, “Raiffeisenbank” isə 2026-cı ilə qədər ölkədəki kredit portfelini 65 faiz azaldacaq.

Bundan əlavə, hər iki bank qrupu Rusiya ilə maliyyə əlaqələrini minimuma endirmək və yerli bazardan tamamilə çıxmaq üçün müvafiq strateji addımlar atacaq. Banklar, həmçinin, müştərilərin və əməkdaşların hüquqlarını qorumaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.

Bu qərarlar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar və geosiyasi gərginliyin artması fonunda qəbul edilib. Həm “Raiffeisen Bank International”, həm də “UniCredit” Rusiyadan çıxış prosesinin uzunmüddətli və mürəkkəb olacağını etiraf edib.