Süveyş kanalının illik gəliri keçən maliyyə ilində təxminən dörddə bir dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, kanalın administrasiyasının rəhbəri Usama Rabinin sözlərinə görə, gəlir əvvəlki ildəki 9,4 milyard dollardan 2023/2024-cü maliyyə ilində 7,2 milyard dollara düşüb.

Bildirilib ki, bəzi yükgöndərənlər Qırmızı dənizdə husilərin hücumlarından yayınmaq üçün alternativ marşrutlara keçiblər.

U. Rabi, kanaldan istifadə edən gəmilərin sayının bir il əvvəl kanaldan keçən 25 911 gəmi ilə müqayisədə 20 148-ə düşdüyünü bildirib.

Süveyş kanalı Misir üçün əsas valyuta mənbəyidir və səlahiyyətli orqanlar son illərdə onun gəlirlərini artırmağa çalışırlar.