Dünyada həyat sığortasının insanların həyat tərzi, vərdişləri ilə əlaqələndirilməsi tendensiyası güclənməkdədir.
Yəni, sığortaçılar hesab edir ki, “canının qədrini bilməyən”, nə cür gəldi ömür sürən, pis vərdişləri olan insana münasibətdə daha sərt davranmaq, onun həyatını sığortalamaq üçün nisbətən çox sığorta haqqı almaq lazımdır.
Bu yanaşma sığortalıları sağlam həyat tərzinə təşviq edir, sığorta şirkərtlərinə isə xərclərini optimallaşdırmağa imkan verir. Bəs Azərbaycanda bunun tətbiqi nə dərəcədə realdır?
“Report” mövzu ilə bağlı araşdırma aparıb.
Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, sığortaçılar məsuliyyətsiz müştərilərinə müəyyən məhdudiyyətlər tətbiq edə bilər: “Qanunvericilik sığortalı şəxsi cərimə etməyə imkan vermir, amma bundan çıxış yolu var. Məsələn, ekstremal idman növləri ilə məşğul olan, spirtli içki qəbul edən, siqaret çəkən şəxsin sağlamlığında problem yaranırsa, ona sığorta ödənişi verilməyə bilər və ya bəri başdan onun sığortalanmasından imtina edilə bilər. Yəni, Azərbaycanda da həyat sığortası şirkətləri xaricdə olduğu kimi maraqlı paketlər hazırlaya bilərlər. Məsələn, müştəri sağlam həyat tərzi sürürsə, fitnes proqramlarında iştirak edirsə, ona endirim edə bilərlər. Zərərli vərdişlərdən imtina edən müştərilərə də həvəsləndirici paketlər təqdim etmək olar. Və yaxud, müştəri sığortalanmamışdan əvvəl bir ərizə forması doldurur. Sığortaçı sualların cavablarından asılı olaraq müştərini sığortalayır. Hətta müştəri yanlış məlumat versə, sığorta şirkəti sonradan müqaviləyə xitam verə bilər”.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində də həyat sığortasının həyat tərzi ilə əlaqələndirilməsini mümkün hesab edirlər. Qurumdan bildirilib ki, bu, həm sığortalılar, həm də sığortaçılar üçün əhəmiyyətli faydalar təmin edə, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına töhfə verə bilər. “Bu dəyişiklik öz növbəsində texnologiyanın inkişafı ilə bilavasitə əlaqəlidir. Fitnes izləyiciləri və “ağıllı” saatlar kimi geyinilə bilən cihazlar insanların fiziki fəaliyyətlərini izləyərək sığortaçılara dəqiq məlumat təmin edir. Bu cihazlarla əldə edilən məlumatlar sığorta tariflərinin təyin edilməsində istifadə edilir. Bu yanaşmanın sığortalılar üçün əsas faydalardan biri, sağlam həyat tərzi nümayiş etdirərək sığorta xərclərini azaltmaq imkanıdır. Müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olan fərdlər daha aşağı sığorta haqqı ödəmək şansı əldə edirlər. Bununla yanaşı, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, həyat riskinin azalması da əhəmiyyətli faydalardandır. Sığorta şirkətləri üçün isə bu yanaşma xərclərin azaldılması və daha dəqiq risk qiymətləndirmələri kimi üstünlüklər təqdim edir. Sağlam həyat tərzini təşviq etməklə, sığortaçılar xəstəliklərlə əlaqəli sığorta iddialarının sayını azalda bilərlər. Bu da ümumi sığorta ödənişlərininn azalmasına səbəb olur”.
Dünyada bir neçə sığorta şirkəti həyat tərzi əsaslı sığorta modelləri tətbiq edir. Məsələn, ABŞ-də fəaliyyət göstərən “John Hancock” sığorta şirkəti, fiziki fəaliyyət hədəflərinə çatan sığortalılara xüsusi endirimləri təqdim edən proqram təklif edir. Cənubi Afrikadakı “Discovery Health” sığorta şirkəti sığortalıları fiziki fəaliyyətə təşviq edən və mükafatlandıran, Asiya-Sakit Okean regionundakı isə “AIA Group” sığorta şirkəti isə fiziki fəaliyyət izləmə proqramlarından istifadə edirlər.
Bu ilin yanvar–may aylarında Azərbaycanda həyat sığortası üzrə 359 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % çoxdur.
Hazırda Azərbaycanda 5 həyat sığortası şirkəti (“Atəşgah”, “PAŞA”, “Qala”, “Xalq” və “Meqa”) fəaliyyət göstərir.