İtaliya 2024-cü ildə ən yaxşı turizm iqtisadiyyatına malik ölkələrin siyahısında ilk onluqda yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun dərc etdiyi hesabatda bildirilir.
Səyahət və turizmin inkişafı indeksi üzrə müəyyən olunan 2024-cü ilin ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr siyahısında ilk onluqda Avropadan 6 ölkə var.
ABŞ dünyanın ən güclü səyahət və turizm iqtisadiyyatına malik ölkə kimi birinci yerdədir. Birləşmiş Ştatlarda sonra ilk onluğa daxil olan digər ölkələr İspaniya, Yaponiya, Fransa, Avstraliya, Almaniya, Böyük Britaniya, Çin, İtaliya və İsveçrədir.
İndeksdə ölkələrin turizm sektorlarına diqqət yetirilib, hava limanları, quru nəqliyyatı və limanlar, təbii və mədəni sərvətlər, sabitlik və təhlükəsizlik, qiymət rəqabəti və destinasiyaların turizmə açıqlığı kimi amillər də nəzərə alınıb.
Dünya İqtisadi Forumunun hesabatında turizm sənayesini gözləyən problemlərə də toxunulub. Ən böyük problemlər kimi işçi çatışmazlığı, uçuş marşrutlarının tələbi ödəyə bilməməsi və yüksək inflyasiya göstərilib.