Böyük Britaniyanın ən böyük banklarından biri olan “Standard Chartered” bankı terrorçuları maliyyələşdirməyə kömək etməkdə ittiham olunur.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Nyu-York məhkəməsinə təqdim edilən yeni sənədlərdə bankın 2008-2013-cü illərdə İrana qarşı sanksiyaları pozaraq 100 milyard dollardan çox dəyərində minlərlə əməliyyat həyata keçirdiyi iddia olunub. Həmçinin müstəqil ekspert bankın, ABŞ hökuməti tərəfindən terrorist qrupları kimi tanınan Hizbullah, HƏMAS, “Əl-Qaidə” və Taliban kimi qurupları maliyyələşdirən şəxslər və şirkətlərlə 9,6 milyard dollarlıq valyuta əməliyyatı apardığını müəyyən edib.
Qeyd edək ki, “Standard Chartered” bankı 2012-ci ildə ABŞ Ədliyyə Departamenti tərəfindən araşdırmaya məruz qalmışdı. Lakin 2012-ci ilin sentyabrında Devid Kemeron hökumətinin o zamankı maliyyə naziri Corc Osborn bankın adından məsələyə gizli müdaxilə etmişdi. Üç ay sonra ABŞ Ədliyyə Nazirliyi bankı mühakimə etmək qərarından yayınmışdı.
Hazırda yeni iddiaçılar bankın 2012-ci və 2013-cü illərdə ABŞ hakimiyyət orqanlarına təqdim etdikləri elektron cədvəlləri və sənədləri ekspertizadan keçirərək onların içərisində gizlənmiş məlumatları aşkar etdiklərini bildiriblər.
Qeyd edək ki, bank iki dəfə- əvvəlcə 2012-ci ildə, sonra isə 2019-cu ildə İrana və digər ölkələrə qarşı sanksiyaları pozduğunu etiraf edib və ümumilikdə 1,7 milyard dollardan çox cərimə ödəyib. Lakin bank “terrorçu” təşkilatlar üçün əməliyyatlar apardığı iddialarını qəbul etməyib.