Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela təklif edib ki, şirkətlər maaşları təkcə kronla deyil, həm də avro ilə ödəsinlər.

AZƏRTAC xəbər verir ki, nazir belə bir təkliflə “Dnes” biznes qəzetinə müsahibəsində çıxış edib.

İndi bu məsələni müzakirə edən analitiklər hesab edirlər ki, təklif qəbul olunarsa, Çexiya avroya hər hansı əvvəlki hökumətin atdığı istənilən addımdan daha sürətlə yaxınlaşacaq. Əslində, ekspertlər hesab edirlər ki, bu, cari ilin yanvar ayından mühasibat uçotunu avro ilə aparmaq üçün verilən imkandan irəli gələn məntiqi tədbirdir.

Avronun tətbiqi ilə bağlı bu addımı şirkətlər də dəstəkləyir. Bununla belə, əhalinin müəyyən hissəsi hələ də buna qarşıdır; Çexiya hələ ki, avronu vahid valyuta dövriyyəsinə buraxmayan ən böyük Aİ ölkəsidir.

Çexiya Milli Bankı da əməkhaqqının avro ilə ödənilməsinə qarşı çıxır və onun hazırda yüksək faiz dərəcələrinə əsaslanan siyasətinin əhəmiyyətsiz ola biləcəyindən ehtiyatlanır, çünki insanlar məmnuniyyətlə vahid valyutada daha ucuz kreditlər götürəcəklər. Sorğulara görə, əhali bankirlərin belə cidd-cəhdlə müdafiə etdiyi Çex kronundan məmnuniyyətlə üz döndərəcək.

Mütəxəssislər əmindirlər ki, insanların öz gəlirlərini avro və ya kronla əldə etmək arasında seçim edə bilməsi Çexiyada vahid avro valyutasının istifadəsini açıq şəkildə artıracaq, çünki maaşlar və avro ilə olan kreditlər mağazaların da məcburiyyət qarşısında qalmasına, vahid valyutanı qəbul etməsinə səbəb olacaq.