Çin hökuməti süni intellekt (AI) daxil olmaqla, qabaqcıl texnologiyalarda standartları gücləndirmək məqsədilə üçillik Fəaliyyət Planını açıqlayıb.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, rəsmi açıqlamaya görə, plan Kiberməkan Məsələləri üzrə Mərkəzi Komissiya, Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası və Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən birgə hazırlanıb və bu gün ictimaiyyətə açıqlanıb.

Açıqlamaya əsasən, Çin mütəxəssisləri və qurumları generativ süni intellekt, blokçeyn, bulud hesablamaları, kvant məlumatı, beyin-kompüter interfeysləri, yeni nəsil internet və metaverse kimi sahələrdə standartlaşdırma prosesini həyata keçirəcəklər. Bu proses texnoloji və iqtisadi inkişafı daha yaxşı idarə etmək və beynəlxalq təsirləri gücləndirmək məqsədi daşıyır. Fəaliyyət Planında məlumat axınının milli standart sisteminin mühüm hissəsi olduğu və yüksək keyfiyyətli inkişafı təmin etmək üçün mühüm dəstək rolunu oynadığı vurğulanıb.

Fəaliyyət Planına görə, 2027-ci ildən sonra texnoloji innovasiyaların və sosial-iqtisadi inkişafın idarə edilməsində standartların rolu tam şəkildə həyata keçirilməlidir ki, bu da Çinin beynəlxalq standartlarda AI-dən istifadəyə töhfə və təsirinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmalıdır.