2024-cü il iyunun 1-dən Dubayda həm plastik, həm də kağızdan hazırlanan birdəfəlik paketlərin istifadəsinə tam qadağa qüvvəyə minəcək. Hazırda supermarketlər birdəfəlik plastik paket üçün 25 fils tələb etsə də, üç ay ərzində onlar tamamilə qadağan olunacaq. AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.

Bununla belə, mağazalardan müştərilərə pulsuz alternativlər təqdim etmək tələb olunmur. Müştərilərə təkrar istifadə edilə bilən alış-veriş çantaları gətirmələri tövsiyə olunur. Qadağan edilmiş çantalar arasında mikroplastiklərin qalığı olan bioloji parçalana bilən torbalar da var.

Yeni qaydalar çörək, tərəvəz, ət, balıq və toyuq məmulatlarının qablaşdırılması, zibil qutuları və camaşırxana çantaları, eləcə də internet vasitəsilə alınan elektron cihazların və məhsulların qutularına şamil edilməyəcək.

Birdəfəlik çantalardan istifadə etməyə davam edənlər təkrar pozuntulara görə ikiqat məbləğdə 200 dirhəm cərimə olunacaq. Alıcılardan xahiş olunub ki, qanun pozuntuları barədə Dubayın İqtisadiyyat və Turizm Departamentinə məlumat versinlər.

2025-ci il yanvarın 1-dən kokteyl çubuqları, fincanlar və hətta plastik pambıq çubuqlar da qadağan ediləcək. 2026-cı il yanvarın 1-dən isə plastik yemək qabları, plastik içki stəkanları və qapaqlarının satışına və istifadəsinə qadağa qüvvəyə minəcək. Qadağaya təkrar emal olunmuş materiallardan hazırlanmış çantalar, eləcə də ixrac üçün malların qablaşdırılması üçün istifadə olunan polietilen daxil deyil.