“Apple” yeni iPad Pro və iPad Air modellərinin istehsal həcmini artırıb. Yeni cihazlar may ayında rəsmi olaraq təqdim olunacaq. “Apple” əvvəlcə yeni iPad-ləri martın sonu və ya aprelin əvvəlində buraxmağı planlaşdırırdı, lakin şirkət hələ də onların proqram təminatı üzərində işləyir. “Bloomberg” agentliyindən verilən məlumata görə, ekranlar mürəkkəb yeni istehsal texnikaları tələb edir ki, bu da gecikmələrə səbəb olur.

“Bloomberg” iddia edir ki, iPad Pro planşeti “Apple”ın yeni M3 çipi alacaq və cihaz Magic Keyboard və Apple Pencil stilusunun yenilənmiş versiyaları ilə işləyəcək. iPad Air yeni prosessora və 12.9 düymlük versiyaya sahib olacaq.

Qeyd olunur ki, iPad Pro 2018-ci ildən, iPad Air isə 2022-ci ildən bəri ilk dəfə yenilənəcək. “Apple” sözçüsü yeni məhsulların təklif olunan buraxılışı ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

Ümumdünya Tərtibatçılar Konfransı (WWDC) iyunun 10-da keçiriləcək. WWDC-nin tədbirində yeni iOS 18, iPadOS 18, macOS 15, watchOS 11, tvOS 18 və visionOS 2 əməliyyat sistemlərinin premyerası olacaq. Ola bilsin ki, proqram təminatı ilə yanaşı, yeni “Apple” məhsulları da nümayiş etdiriləcək.