Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrantlarla müqavilə bağlamaq müddətinin iki ilə qədər məhdudlaşdırılmasını təklif edib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, nazirliyin təklif etdiyi qanun layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc olunub.
“İşəgötürənlər Rusiya Federasiyasının ərazisində qanuni yaşayan 18 yaşına çatmış əcnəbi vətəndaşları məqsədli mütəşəkkil işə qəbul qaydasında işə cəlb etmək hüququna malikdirlər. Əcnəbi vətəndaşın müvafiq qaydada alınmış iş icazəsi olmalıdır. Əcnəbi vətəndaşa iş icazəsi onunla bağlanmış əmək müqaviləsi müddətinə, lakin iki ildən çox olmamaq şərti ilə verilir”, – sənəddə deyilir.
Həmçinin əmək miqrantlarından 30 gün ərzində işəgötürənə rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələrini təsdiq edən sənədi təqdim etmələri tələb olunacaq.
Sənəd layihəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi də nəzərdə tutulur – bu zaman əcnəbi işçi 30 gün ərzində yeni əmək müqaviləsi bağlamazsa, göstərilən müddətdən sonra Rusiyanı tərk etməli olacaq.