Bu ilin mart ayında Azərbaycan Novorossiyskdən 16 vaqonda 1,2 min tondan çox ərzaqlıq qarğıdalı idxal edib.

“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Məlumata görə, “Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi” Federal Dövlət Büdcə İdarəsinin yerli filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsinin mütəxəssisləri tərəfindən ilk dəfə Azərbaycana idxal olunan məhsullar emal edilib.

Belə ki, qarğıdalının emalı üçün alüminium fosfidə əsaslanan preparatdan istifadə edilib, hava nəminin təsiri altında ondan ayrılan fosfin qazı zərərvericiləri inkişafının bütün mərhələlərində məhv edir.

Qaz məhsullar tərəfindən zəif sorulur və tövsiyə olunan standartlara və dezinfeksiya rejimlərinə əməl olunarsa, emal olunan məhsulların keyfiyyətini aşağı salmır.

Xatırladaq ki, Novorossiysk filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsi 2023-cü ilin avqustunda fəaliyyətə başlayıb.

Şöbənin fəaliyyəti dövründə ixraca göndərilmiş 7 milyon tondan çox tənzimlənən məhsul alüminium fosfid əsaslı preparatlarla emal edilib (bunun 5 milyon tonu – 2024-cü ildə).